Bu turadək DÇ-ni izləyən dost-tanışdan Yaponiya haqda fikrini soruşsanız, hamı eyni şeyi deyəcək – əsl komandadır! Həqiqətən, Hadzime Moriyasu elə bir komanda yaradıb ki, ayrıca olaraq hansısa oyunçunu yox, xətlərarası anlaşmanı qeyd edərik. “Samurai Blue” oyunun ritmini diqtə edir + top itkisi zamanı o qədər sürətli şəkildə yerlərini tuturlar ki, rəqib boş zona tapmaqda çətinlik çəkir.
Maraqlı məqam odur ki, ilk 2 tur bizə komandanın 2 üzünü göstərdi. Hollandiya ilə 2:2 hesablı oyunda yaponlar yüksək səviyyəli rəqibin təzyiqinə tab gətirə bildi. Tunis ilə oyunda isə əvvəldən sonadək meydanda baş verənləri tamamilə nəzarətə götürdü və 4 cavabsız qol vurdu.
Yaponlar topsuz da özünü inamlı hiss edir və rəqibə boş zonalara nəzarət etməyə çalışır. Qısası, dərin blokla müdafiəyə qapanmır, əksinə yüksək pressinq hesabına rəqibi səhv etməyə məcbur edir. Qeyd etdiklərim və sürətli vertikal hücumlar İsveç üçün ciddi problem yarada bilər.
Eyforiya çox pis şeydir. Xüsusilə, futbolda. Özü də DÇ-də… İsveç ilə baş verənləri qısaca belə adlandırmaq olar. Çempionlar Liqasındakı “Ayntraxt”ı xatırlatdımı? İlk turda Tunisi 5:1 məğlub edən skandinavlar, ikinci turda eyni hesabla hollandlar qarşısında aciz idi. Lakin canlı izləyənlər bilir ki, hesab oyuna görə deyildi. Hollandlar yatıb-durub Bart Verbrüggenə dua etsinlər.
Buna baxmayaraq, buraxılan 5 top müdafiədəki problemləri açıq-aşkar göstərdi.
Bu gün isə dünyanın ən bahalı hücum tandemlərindən birini təşkil edən Gyökeres və Isak onlardan gözləntiləri doğrultmalıdır. Hollandiya ilə oyuna sonradan daxil olan və “Ons Oranje” müdafiəsini bir-birinə vuran Entoni Elanqa da göstərdi ki, ona bel bağlamaq olar.
Qrehem Potter yaxşı anlayır ki, hazırda onun komandasına yalnız bir şey lazımdır – özünəinamın qaytarılması. Xüsusilə, müdafiəçilərlə bu istiqamətdə işləmək lazımdır.
Hollandiya ilə oyunda buraxılan 5 top ilk növbədə müdaifə xəttinin reputasiyasını zədələyib. Hollandlar həmin oyunda çox rahat şəkildə boş zonalarda topla irəliləyirdi və xətlər arasındakı boşluqlardan sərbəst istifadə edirdi. Hətta hesab biabırçı həddə çatanda!
Razılaşaq ki, Viktor Gyökeres, Aleksandr Isak, yasin Ayari və Entoni Elanqa kimi oyunçular bu turnirdə istənilən rəqibin qapısı qarşısında bir sıra net qol momentləri yarada bilər. Lakin müdafiə xətti kompaktlığını və nizam-intizamını qoruya bilməsə, hücum xəttinin etdikləri boşa gedəcək.
Düşünürəm ki, bizi qollu bir oyun gözləyir + hər iki tərəf qol vurmaqla bağlı problem yaşamır. Lakin İsveç müdafiəçilərinə güvənmədiyimdən, yaponları 1 baş üstün görürəm.
Hesab təxmini: 3:1







