Belçikanın qrup baxımından bəxti gətirmədi deyənlər haqlı çıxdı, lakin “qırmızı şeytanlar” Fransa və İtaliya ilə başa-baş oynayaraq asan keçiləsi sədd olmadığını sübut etdi. Komandanın əsas problemi – daxili proseslərdir…
İtaliya ilə oyun Belçika millisi üçün kabus kimi başlasa da, Lorenzo Pelleqrininin qırmızı kart alması hesabı 2:2-yə gətirmək üçün bəs etdi. Belçika evində fransızlara da 1:2 uduzdu. Lakin Tilemans penaltini vursaydı, hazırda başqa şeylərdən danışacağdıq. İndi isə Belçika millisi ancaq möcüzəyə inanaraq meydana çıxacaq – qələbələr qazanmalıdır və fransızlar ardıcıl iki dəfə uduzmalıdır…
Romelu Lukaku heyətə qayıdıb – pis xəbər deyil. Kontenin rəhbərliyi altında hücumçu “Napoli”də əla forma yığıb. Lakin bununla “qırmızı şeytanlar” üçün yaxşı xəbərlər bitir. Baş məşqçi Domeniko Tedesko Kevin de Bröyne, Yuri Tilemans, Malik Fofana, Jeremi Doku, Şarl de Ketelare kimi oyunçuların xidmətindən istifadə edə bilməyəcək. Düzdü, onların yerini perspektivli gənclər dolduracaq, lakin İtaliya millisi ilə oyunda onlar ön plana çıxa biləcəkmi?
Belçika tarixən Millətlər Liqasında evdə yaxşı oynayıb – 10 oyundan cəmi 2-ni uduzub.
Dörd turdan sonra İtaliya millisi Pley-offa çıxmaq üçün əsas namizədlərdən biridir. Luçiano Spalettinin rəhbərliyi altında “skuadrra adzurra” özünə gəldi. İtaliya fransızlardan cəmi 1 xal geri qalır. Bu gün Fransa millisi İsraillə oynayır. Beləliklə, “Cüzeppe Meazza”da bizi İtaliya-Fransa adlı qırğın gözləyir. Bu baxımdan italyanlar bu gün mütləq şəkildə 3 xal qoparmalıdır.
Nikola Barellanın heyətə dönməsi əla xəbərdir. “İnter”in yarımmüdafiəçisi bir neçə aydır zədəsini sağaldırdı. Spaletti mütləq Barellaya yer verəcək. Onun yanında Sandro Tonali və Frattezi olacaq. Hər şey ona doğru gedir ki, Spaletti 3-5-1-1 formatına sadiq qalacaq.
Baş məşqçi Pietro Komuzzo (Fiorentina), Nikola Savona (Yuventus) və Nikola Rovella (Latsio) kimi gəncləri də heyətə cəlb edib.
İtalyanların məhsuldarlığı gözə batır – 5 oyuna 11 qol. Uğursuz Avro-2024 sonrası Spaletti hücum futboluna üstünlük verir. Unutmayaq ki, onun sərəncamında A Seriyasının bombardiri Mateo Retegi (11 qol) var. Bununla yanaşı, “Fiorentina”da özünü tapan Moyze Kin də əla forma yığıb. Əminəm ki, Spaletti start heyətdə kimi oynadacağı ilə bağlı baş sındırır.
Belçikanın Pley-offa çıxmaq şansları yoxa bərabərdir. Üstəlik, B Liqasınadək eniş qaçılmaz kimi görünür.
Teoretik olaraq, İtaliyaya bugünkü görüşdə 1 xal da bəs edir ki, Pley-offa çıxsın. Lakin oyundan əvvəl Spaletti hər kəsi əmin edib ki, yalnız və yalnız qələbə üçün meydana çıxacaqlar. “Adzurri”lərin hücum xətti od tutub yanır, bunu unutmayaq… Lakin İtaliya Fransa ilə oyuna gücünü qoruya bilər. Bu baxımdan qarşılıqlı qollar gözləmək olar… Bu, öz yerində…
Lakin mən italyanlardan “qisas əməliyyatı” gözləyirəm. Anladığınız kimi, italyanlara 1 qol bəs etməz, onlar 2-cini də axtaracaqlar…