Avropa Liqası çərçivəsində “Viktoriya” ilə Plzendə keçirilən trillerdən sonra Marko Baroni böyük ehtimalla bugünkü qarşılaşmada rotasiyaya gedəcək. Dzakkanyi və Tşauna kimi oyunçular ilk dəqiqələrdən meydana çıxa bilər. İtalyan forvard Çexiyadakı oyunu buraxmaq məcburiyyətində idi. Tşauna isə Tati Kastelyanosun zədələnməsindən sonra Ticani Noslin ilə rəqabətdədir.
Son 4 il ərzində “Udineze” “Latsio”ya zülm edib desək, yanılmarıq. Udinelilər romalılar üçün olduqca çətin rəqibdir. Xüsusilə Romada keçirilən son 5 şəxsi görüşdə “zebralar”ı uda bilməyib.
Ötən mövüm “Frozinone” üzərində əldə olunan qələbə hesabına yüksək liqada qalmağı bacaran Udine təmsilçisi bu il stabil olaraq ilk 10-luqda qərarlaşa bilib. Kosta Runyaiçin yetirmələri son 5 oyunda inanılmaz temp yığıb – 4 qələbə + 1 heç-heçə.
“Udineze” son turlarda həm də komandadaxili çaxnaşma ilə yadda qaldı. Məlumunuzdur, Lorenso Lukka “Leççe” ilə oyunda Florian Tovenin əlindən topu qapdı və penaltini özü yerinə yetirdi. Lakin qol olmasına baxmayaraq, heç kəs sevinmədi. Ardınca isə Lukka “Udineze” oyunçularından və fanatlarından üzr istədi və məsələ həllini tapdı. Kosta Runyaiç buna sevinməyə bilməz, çünki onların hər ikisi onun sisteminin əsas halqasıdır. Əsas qapıçı Okoye zədəsini sağaldıb və formasını bərpa etməklə məşğuldur. Nəzərə alsaq ki, ehtiyyat qapıçı Sava da zədəlidir, bu, ciddi bir itki ola bilər. Bugünkü qarşılaşmada qapını Padellinin qoruması gözlənilir.
“Udineze” son zamanlar səfərdə əla çıxış edir. Təbii ki, zaman-zaman “gözmuncuğu” oyunlar da görürük… Məsələn, “Komo”da 4:1 hesablı məğlubiyyət. Açığı, həmin oyunda kontrol əldən getmişdi. Çıxan qırmızı kartlar bunun isbatıdır. Son 7 səfər oyununda “Udineze” yalnız 1 dəfə məğlub olub. Bu azmış kimi, həmin görüşlərdə “ağ-qaralar” yalnız bir dəfə 1 qoldan artıq buraxıb.
Hər iki komanda yaxşı əhval – ruhiyyə ilə bugünkü qarşılaşmaya hazırlaşır. Baxmayaraq ki, “Latsio” son ev oyunlarında “Udineze” qarşısında başıaşağı olur, ötən gün “Yuventus”un xal itirməsi onlara turnir cədvəlində irəliləmək baxımından əlavə motivasiya verə bilər. Son ev oyunlarında “Latsio” stabil olaraq qol buraxır. Bu il bir çox futbolsevər kimi, məndə də çox müsbət təəssürat yaradan Marko Baroninin simpatik komandasına 1 qol bəs etməyə bilər. Buna görə, onların 2-ci qolunu gözləyəcəm. Hə, “Latsio” yorğundur, anlayıram, amma onlarda bu potensial və ruh var…
Hesab təxmini: 2:1