Bu gün Bakı vaxtı ilə 22:30-da İngiltərə Premyer Liqası çərçivəsində “Nyukasl” və “Kristal Pelas” komandaları üz-üzə gələcək. Həmin oyunlar bağlı geniş analizi oxucularımızın diqqətinə çatdırırıq.
Hazırda “Nyukasl” 56 xalla Çempionlar Liqası zonasındadır və əsas hədəf olaraq “Köhnə qitə”nin ən prestijli turnirində iştirak etməkdir. Komanda ideal formadadır – son oyunlarda ardıcıl 5 qələbə, o cümlədən “Mançester Yunayted”i 4:1 hesabı ilə darmadağın etməsi bundan xəbər verir. Aleksandr Isak, el dili ilə desək, alışıb-yanır – PL-in bombardiri 20 dəfə rəqib qapıçılarının kefinə soğan doğrayıb.
Öyundan öncə İngiltərə mətbuatı yazdı ki, baş məşqçi Eddi Hau pnevmoniya səbəbilə xəstəxanaya yerləşdirilib və bugünkü qarşılaşmanı buraxa bilər. Sözsüz ki, bu amil gözdən qaçmamalıdır. Ümumilikdə, “Nyukasl”ın heyətlə bağlı problemi yoxdur.
“Nyukasl”ın ev performansları da olduqca yaxşıdır, bunu da vacib amillər sırasına yazaq.
Avrokubok iddiası olmayan “Kristal Pelas” hazırda 12-ci yerdədir. Oliver Qlassner bir çox klubların üstündən xətt çəkdiyi futbolçulardan ibarət olduqca möhkəm kollektiv formalaşdırıb və istənilən rəqiblə başa-baş mübarizə aparmağa qadirdir. Son 9 oyuna nəzər salsaq, “Kristal Pelas” 7 qələbə qazanıb, 1 dəfə rəqiblə xalları bölüşdürüb və 1 dəfə meydanı xalsız tərk edib.
Komandada kreativliyə cavabdeh Ebereçi Eze, qoleadoru Jan-Filipp Mateta və bu iki oyunçunun remiksi olan İsmaila Sarrın performansı göz qamaşdırır.
Qlassnerin kollektivi səfərdə daha təhlükəli olur, çünki 2-ci rolda çıxış edən zaman əsas silahı olan əks-hücumlarda rəqibi azlıqda tuta bilir. Buna baxmayaraq, TOP klublarla sonadək dözmək bəzən çətin olur. “Nyukasl” isə TOP-dur, əsas da evdə oynayan “Nyukasl”…
SSENARİLƏR
1. “Nyukasl”ın 2:1 və ya 3:1 hesabları ilə qələbəsi
“Nyukasl”ın evdəki dominantlığı, Isakın inanılmaz formada olması və Gimarayş-Tonali-Joelinton kimi universalların orta xətdə yer alması + “Kristal Pelas”ın kəskin əks-hücumlarına əsaslanır.
2. Qollu heç-heçə (1:1 və ya 2:2)
Eddi Haunun mümkün yoxluğuna əsaslanır. Bu amilə dırnaqarası yanaşmamağı məsləhət görürəm…
NƏTİCƏ
İstənilən ssenaridə əla forma yığmış və müdafiədə boşluqlar verən iki komandanın oyunundan bol qol gözləyirəm. Əsasən, 2:1 və 3:1 ssenarisini əldə rəhbər tuturam.