Premyer Liqanın 16-cı pilləsində qərarlaşan “Tottenhem” (37 xal) üçün daxili çempionatda mövsüm bərbad keçir, lakin Avropa Liqasında “mahmızlar”ın gözü yüksəkdədir. Belə ki, Ange Postekoğlunun kollektivi olduqca güclü və dinamik “Ayntraxt”ı turnirdən kənarlaşdıra bildi və yarımfinala çıxdı.
Premyer Liqanın son 6 turunda onlar yalnız açıq-aşkar autsayder “Sauthempton”u məğlub edə bilib. Son 5 oyunda London təmsilçisi 7 qol vurub və bir o qədər də buraxıb.
Postekoğlunun rəhbərliyi altında “Tottenhem” cinahları aktiv işlədərək hücum futbolu sərgiləməyə çalışır. Hər kəsi yüksək pressinqə alışdıran paytaxt təmsilçisi müdafiədəki konsentrasiyanı zaman-zaman itirir.
Postekoğlu hücumda Brennan Consona və Dominik Solankeyə bel bağlayacaq. Lakin Bissuma və Bentankurlu yarımmüdafiə təzyiq altında olarkən ciddi səhvlərə yol verir.
Mövsümün sensasiyası olan “Nottingem Forest” Çempionlar Liqasının xəyallarını qururdu, lakin ardıcıl uğursuzluqlar onların 6-cı yerədək yuvarlanmasına səbəb oldu.
Son 5 oyunda “Forest” 6 qol vurub və 5 qol buraxıb. Buna baxmayaraq, Nunu Eçpiritu Santunun kollektivi balanslaşdırılmış futbol göstərir. Portuqaliyalı mütəxəssisin rəhbərliyi altında “Forest” kompakt müdafiəyə önəm verir, sürətli əks-hücumlardan rəqibini cəzalandırmağı sevir. Əks-hücumlar adətən cinahlardan gəlir – orada isə Elanqa və Hadson-Odoi öz işini layiqincə görür. Meydanın özünə aid hissəsində sərt Yeyts və Andersonun növbətçiliyini görürük, Hücumda isə Kris Vud və kreativliyə cavabdeh olan Gibbs-Uayt fürsət gözləyir.
Şəxsi görüşlər adətən məhsuldar keçir. Görək bu dəfə də elə olacaqmı?
TAKTİKİ DÖYÜŞ
Tottenhem: Postekoğlu 4-3-3 sxeminə sadiqdir. Yüksək pressinq və cinah müdafiəçilərinin tez-tez hücuma qoşulmasına şahidik. ƏSas plan – topa nəzarət və mərkəzdə qısa paslar üzərində qurulmuş kombinasiyaların ardınca cinahlara yönəlməni görəcəyik. Lakin Avrokubok oyunundan sonra rotasiya görə bilərik. Bu isə pressinqin intensivliyinin azalmasına səbəb ola bilər. Müdafiəçilərin çox öndə yerləşməsi London təmsilçisini əks-hücumlara qarşı zəiflədir.
Nottingem Forest: Nunu Eçpiritu Santu 4-2-3-1 taktiki sxemindən istifadə edir. Başqa sözlə, müdafiədə dərin blok (əsasən də səfər oyunlarında) və cinahlardan kəsərli əks-hücumlar… Qısası, meydan sahiblərinin böyük qüvvə ilə hücuma çıxdığı zaman cinahdakı boşluqlardan maksimum istifadə etmək Elanqa və Hadson-Odoinin mərifətinə bağlıdır. Gibbs-Uayt və Kris Vud isə öz işini yaxşı bilir…
SSENARİLƏR
“Tottenhem” əsasən cinahlardan təhlükə yaradır. Hücumların 35-40%-i məhz buradan qurulur. Yarımmüdafiə də hücuma ciddi dəstək verir və dayaq yarımmüdafiədəki səhvlər hər an qolla nəticələnə bilər.
“Forest” vurduğu qolların 25%-i əks-hücum nəticəsində gəlib. Bununla yanaşı, korner və standartlar zamanı da “meşəbəyilər” çox təhlükəlidir.
XÜLASƏ
Düşünürəm ki, “Nottingem Forest” uğursuz seriyaya son qoya bilər. Nəzərə almalıyıq ki, “Tottenhem” Avropa Liqasındakı ağır oyundan çıxıb. Yeri gəlmişkən, paytaxt təmsilçisi əsas hədəf kimi o liqanı seçə bilər. Necə deyərlər, Premyer Liqa əldən çıxıb.
“Nottingem Forest”in sahibi olan Marinakisin isə fanatlara verdiyi söz var. Hər oyundan sonra tuneldə oyunçularını gözləyən yunan milyarder komandasına güvənir. Oyunçular və olduqca praqmatik məşqçi də qoyulan hədəfə doğru gedir.
Evində oynamağa məcbur olan “Tottenhem” məncə bu oyun üslubu ilə “Nottingem Forest” üçün əsl yemdir.