Bu gün “Etihad Stadium”da Premyer Liqanın növbəti turu çərçivəsində “Mançester Siti” və “Aston Villa” qarşılaşacaq. Qarşılaşma haqqında düşüncələrimi oxucularımızın diqqətinə çatdırıram.
Bu mövsüm “şəhərlilər” üçün olduqca dalğalı keçir desək, yanılmarıq. Düşünün, mövsüm başa çatmaq üzrədir, “Mançester Siti” isə hələ də Çempionları Liqasına vəsiqəni qazanmayıb. Buna baxmayaraq, Pep Qvardiolanın yetirmələrində silkələnmə hiss olunur. Heyətdəki itkilərə baxmayaraq, “şəhərlilər” son 6 oyunda məğlub olmayıb. Qəribədir, lakin bu mövsüm “Mançester Siti” üçün bu artıq uğurdur.
Mateo Kovaçiç Premyer Liqadakı 200-cü oyununa çaxmağa hazırlaşır. Böyük ehtimal, xorvatiyalı yarımmüdafiəçi bu gün ilk dəqiqələrdən meydanda olacaq. Şənbə günü məhz onun qolu çətin “Everton” səfərində Devid Moyesin kollektivinin planlarını puç etdi. Fil Foden və Manuel Akanji isə ötən oyunda ehtiyyatda idi. Zədələrini sağaldan hər iki oyunçu bu gün startda çıxa bilər. Zədəlilərdən söz düşmüşkən, bu siyahıya Rodri, Haaland, Ake və Stounz ilə yanaşı, qapıçı Ederson da qoşuldu. Böyük ehtimalla, bu gün onu Şteffan Orteqa əvəzləyəcək.
“Mançester Siti” doğma meydanda çox məhsuldardır. Son 11 ev oyununda yalnız lider “Liverpul”la oyunda “şəhərlilər” 2 qoldan az vurub. Ümumilikdə “Mançester Siti” bu dövrdə 36 qol vurub – 1 oyunda ortalama 3.27 qol.
Yaz mövsümünün gəlişi “Aston Villa”ya da düşərli oldu. Bu müddətdə yeganə arzuolunmaz hadisə ÇL-də mübarizəni dayandırmaqdır. Buna baxmayaraq, PSJ ilə ev oyununda Birmingem təmsilçisi inanılmaz geridönüş etdi və fransızları qapısına dirədi. Mart ayından etibarən Unai Emerinin kollektivi Premyer Liqada 5/5 edərək hələ xal itirməyib. Ötən şənbə günü “Aston Villa” turnir cədvəlindəki birbaşa rəqibi olan “Nyukasl”ı 4:1 hesabı ilə darmadağın etdi.
Əsas heyətə nəzər salsaq, “Aston Villa”nın yeganə itkisi Pau Torresdir. Markus Reşford üçün bu prinsipial bir oyun olacaq və məncə niyəsini izah etməyə gərək yoxdur. Şənbə günü “Nyukasl” qapısına yol tapan Ole Uotkins isə “Aston Villa” əfsanəvi forvardı Qabriel Aqbonlahora çatdı – 74 qol.
“Etihad”a səfərlər “Aston Villa” üçün həmişə başağrısı olub. Birmingemlilər hətta heç-heçə üzünə də həsrətdir. Sonuncu dəfə “Aston Villa” 2007-ci ildə səfərdə bugünkü rəqibinə uduzmayıb. Sonuncu səfər isə 4:1 hesablı “Mançester Siti” qələbəsi ilə yadda qaldı.
KUP10 layihəsinin Youtube-dakı auditoriyası bunu yaxşı bilir: bizim bir düşüncəmiz var – “Mançester Siti” Haalandsız daha təhlükəlidir. Pep Qvardiolanın “Haaland cokeri” artıq çoxdan çözülüb. Zənnimcə, norveçli ulduz cinahlardan asmalarda, yəni tipik ingilis futbolu zamanı daha təhlükəlidir. Qvardiola isə onu qısa paslar üzərində qurulmuş kombinasiyalarda istifadə etməyə çalışırdı. Bu işi daha çevik və sürətli Omar Marmuş əla bacarır. Təbii ki, Jeremi Dokunun da kimliyindən uzaqlaşması komanda üçün problem yaradır. Doku “Mançester Siti”yə gəlişindən əvvəlki üslubda oynayanda daha təhlükəli, hətta qarşısıalınmazdır. Bu iki fikrimin isbatı “Everton” kimi çətin komanda ilə oyunda əldə olunan nəticədir.
“Aston Villa” da fantastik formadadır. Üstəlik, komanda daha kreativ və daha sürətlidir. Görək bu amil “Etihad lənəti”ni aradan qaldırmağa kömək edəcəkmi?
Taktiki baxımdan “Mançester Siti”ni hələ də 1 addım öndə görürəm. Düşünrəm ki, trend qorunacaq və “şəhərlilər” azı 2 dəfə rəqib qapısına yol tapacaq. Çünki “Aston Villa”nın indiki forması ilə 1 qol bəs etməz…