Bu gün Bakı vaxtı 23:00-da Avropa Liqasının yarımfinalının ilk oyunu çərçivəsində “Atletik Bilbao” doğma “San Mames”də “Mançester Yunayted”i sınağa çəkəcək. Oyunla bağlı analizimi oxucularımızın diqqətinə çatdırıram.
Bilbao təmsilçisi inamlı şəkildə La Liqanın ən güclü 4 komandası arasına adını yazdırıb. Bununla yanaşı, basklar Avropa Liqasının qalibi ünvanına əsas favoritdir. Bəli, final “San Mames”də keçiriləcək, lakin məsələ bunda deyil. Razılaşın ki, “Tottenhem” və “Mançester Yunayted” qeyri-stabildir, “Bodo Qlimt” isə klass baxımından zəif bənd olaraq görünür. Basklar isə onların fonunda mükəmməl görünür.
Ernesto Valverdenin yetirmələri digər rəqiblərlə müqayisədə daha çox komanda (bu baxımdan “B.Qlimt”i ikinci yerə qoymaq olar) təəssüratı bağışlayır. Bilbao təmsilçisi kollektiv müdafiə olunur və məhz buna görə həm Avropa Liqasında, həm də La Liqada ən az qol buraxan komandadır. La Liqada onlar 33 oyunda qapılarında cəmi 26 qol görüblər.
Maraqlısı odur ki, müdafiəyə bu qədər fikir verən komandanın məhsuldarlıqla problemi yoxdur. Hücum xəttində həm birə-bir keçidi bacaran, həm müdafiəni yaran, həm də sürət hesabına cinahları işlədən klass oyunçular var.
Ümumilikdə, “Atletik”in dərdi yoxdur. Bütün turnirlər nəzərə alınmaqla, komanda cəmi 9 dəfə məğlub olub. Dərd deyəndə isə “Mançester Yunayted” fanatlarının dərdi təzələnir. Həqiqətən, “pnadora qutusu” kimi komandadır. Belə bir rəzil mövsümə baxmayaraq, “qırmızı şeytanlar” Avropa Liqasında hələ uduzmayıb. Bu gün isə onların qarşısında Avropa Liqasında bütün ev oyunlarını qazanmış rəqibdir.
Mankunianlar az qala Avropa Liqası ilə vidalaşırdı. “Lion” “pandora qutusu”nu açmağa çox yaxın idi, lakin “Old Trafford”da rəsmən möcüzə yaşandı. Möcüzəvi “come back” bir kənara, Ruben Amorimin yetirmələri rəqibə, necə deyərlər, durduğu yerdə qolları “hədiyyə” etmək vərdişini tərgidə bilmir. Atalarımız demiş, başa gələn çəkilər… Halbuki, “qırmızı şeytanlar” rəqibini darmadağın edə bilərdi. Təbii ki, qol vurmaq missiyası Qarnaççoda olmasaydı…
Ən maraqlısı – “Lion” 4 qoldan 2-ni azlıqda vurub. İnanılmazdır! Müdafiənin və qapıçının səhvlərinə sadəcə izah yoxdur.
“Atletik” ilə belə hoqqabazlıqlar keçməz. Bilbao təmsilçisi daha soyuuqqanlı və intizamlıdır. Məncə Valverdenin kollektivi rəqibi hər düşdüyü fürsətdə cəzalandıracaq və hesabı qorumağa oynayacaq. “Mançester Yunayted” rəzil mövsümdə qazanılan titulla günahını yumağa çalışır. Lakin hər kəs razılaşar ki: 1) bu cür futbolla bu mümkün deyil; 2) bu sadəcə böyük bir ədalətsizlik olar!
“San Mames”dəki finala gedən yol bugünkü qələbədən keçir. Mərcsevərlər “ev sahibi hər hansı hissəni qazanar” seçiminə yönələ bilər. Mən isə “Atletik Bilbao”nun qələbəsini izləmək ümidi ilə bu oyuna baxacam.