Bir vaxtlar “St. James Park”a toplaşanları cuşa gətirən isveçli forvard Aleksandr İsakın “Liverpul”a mümkün transferi turun mərkəzi oyununa xüsusi maraq qatır. Isakın bu gün oynamayacağı artıq yenilik deyil. Niyə bu analizə məhz Isak ilə başladım. Çünki onsuz Eddi Haunun kollektivi dişsiz görünür. Yəqin “Aston Villa” ilə keçirilən və 0:0 bitən mövsümün ilk oyununa çoxunuz baxıb. “Nyukasl” yaxşı təsir bağışladı, lakin hücumda o (Isak) çatışmırdı.
Eddi Haunun fəlakət biçimində keçən yayı onun çiyinlərinə əlavə yük qoyur. Belə bir dönəmdə klubu idarə etmək olduqca çətindir. Hər şey bir kənara, Isaka alternativ tapmaq çox çətindir. Çünki biz universal bir oyunçudan danışırıq.
Eddi Hau “Nyukasl” fanatlarını pis öyrəşdirib – onun rəhbərliyi altında klub 3 mövsümdür evindəki ilk oyunu qazanıb. Bu da sizə növbəti intriqa…
“Liverpul” mövsümə çempiona yaraşan formada başladı. Hərçənd, “Bornmut” ilə oyununun 88-ci dəqiqəsində “Enfild”ə toplaşanların əsəbləri tarıma çəkilmişdi. Amma bu “Liverpul”du… Şou qaçılmazdır! Həm də nəzərə almaq lazımdır ki, yeni super transferlərlə komanda yenidən qurulur və adaptasiya dönəmindən keçir.
Çox maraqlı bir nüansa diqqət yetirmək istərdim. “Nyukasl” ardıcıl 3 oyundur qol vurmadan meydanı tərk edir. Sonuncu dəfə “Nyukasl” 2020-ci ilin fevral ayında Premyer Liqada qolsuz dörd oyun keçirib.
“Nyukasl” “qol orucu”nu “Liverpul” ilə bugünkü qarşılaşmada poza bilərmi?
Ötən həftə Arne Slot bəyan etdi ki, yeni transfer Ceremi Frimponq zədələnib və “Liverpul” onun xidmətlərindən yalnız milli aradan sonra faydalana biləcək. Bildiyimiz kimi, “Nyukasl” Frimponqun qoruduğu cinahı olduqca aktiv işlədir. Bu isə “Liverpul”a problemlər yarada bilər. Bundan başqa, son oyunlarda mersisaydlılar mərkəz müdafiəsi kobud səhvlər edir. Bəzən bu səhvləri o çapda oyunçulara yaraşdırmaq belə olmur. Məhz bunun nəticəsidir ki, “Liverpul”un son 7 oyununda hər iki tərəf fərqlənir. Slotu son zamanlar keyfiyyətli hücum xətti xilas edir.
Kimlərə fikir verməliyik?
Eddi Hau son zamanlar Entoni Qordonu mərkəzi hücumçusu kimi oynadır. Çarəsizlik budur… Onun adaşı, “Nyukasl”ın yeni transferi Elanqa taktiki olaraq bugünkü görüşdə qol hesabını aça bilər. Maraqlıdır ki, Elanqanın Premyer Liqadakı (Nottingem Forest – red.) son 4 qolu fasilədən sonraya təsadüf edib.
Bəlkə də şablon olacaq, amma yayda “Nyukasl”ın transfer hədəfi olan Uqo Eketike (növbəti intriqa axtaranlar üçün ideal pas) artıq “nöqtə aqışı” kimi transfer olduğunu isbat etdi. Xatırladaq ki, o, “Liverpul”un heyətində ilk iki oyununda da fərqlənib.
Xülasə, düşünürəm ki, bugünkü qarşılaşmada tempi sevən “Liverpul” qarşısında “Nyukasl” zaman-zaman va-banka gedəcək. Bu isə bizə bol və qarşılıqlı qollarla dolu qarşılaşma izlədə bilər.