Son 15 mövsümdən 14-də Çempionlar Liqasının qrup mərhələsində oynayan “Benfika” ilə 17 ildir Avropanın əsas klub turnirində iştirak etməyən “Fenerbahçe” arasındakı cavab qarşılaşma olduqca maraqlı olacaq.
Bruno Lajenin yetirmələri 24 oyun sonra İstanbulda qol vura bilmədi. Ardınca “Benfika” daxili çempionatda “Tondela”nı 3:0 məğlub etdi. Başqa sözlə, “Benfika” artıq 6 oyundur qol buraxmır.
Oyundan əvvəl Türkiyədə ənənəvi durum yaşanıb. Artıq öyəşmişik ki, bu ölkədə futbol meydandan kənarda oynanılır. Mourinyo deyib ki, Eştadiu da Lujda heç uduzmamışam, çünki klublarım daha yaxşı idi. Heyətlə bağlı suala cavab verərkən deyib ki, heyəti təxmin etmək çətin deyil, çünki seçimimiz çox deyil. Kard probleminə toxunan “Special one” deyib ki, rəhbərlik əgər ÇL-in qrup mərhələsini istəsəydi, “Feyenoord” ilə oyundan sonra transfer edərdi. Üstəlik, sən demə, rəhbərliyin heç transfer siyahısı da yoxdur.
Mourinyonun ən maraq doğuran açıqlaması isə budur ki, “biz ÇL-ə getsək, imkanlarımız məhdud olacaq, Avropa Liqasına isə getsək, hədəflərimiz daha böyük ola bilər”.
“Fenerbahçe”nin vitse-prezidenti Hamdi Akın oyundan qabaq “Bəyaz TV”-yə müsahibəsində bildirib ki, “Benfika”nı rahat keçəcəyik. Buna münasibət bildirən Mourinyo deyib ki, o adamı tanımıram.
Bunları niyə yazıram? Əksəriyyətiniz bu açıqlamaları oxuyub. Məqsədimi yazım.
“Benfika”nın oyunçusu Enzo Barreneçea görün nə deyib: “Açıq danışsam, məğlub olmaq ağlımızdan ucundan belə keçmir”.
Bunları müqayisə edəndə siz nə düşünərsiniz? Cavablarınızı sanki eşidirəm…
Bu oyunla bağlı taktiki analizə gərək yoxdur. Hər kəs niyyətini bəlli edib.
Son səkkiz ev oyunundan yeddisində “Benfika” azı 2 dəfə fərqlənib.
“Fenerbahçe”nin yeni transferləri Edson Alvarez və Nene Dorgeles oynaya bilməyəcək. Fikrimcə doğma publika önündə “Benfika” layiq olduğu ÇL qrupa mərhələsinə vəsiqə qazanacaq.