“Dortmund” son 10 ilin ən rəzil startını keçirir. Nuri Şahin mütəmadi tənqid atəşinə tutulur. Ədalət naminə deyim ki, haqlı tənqidlərdir. Əvvəlcə “Real Madrid”ə uduzan “Dortmund” ardınca “Auqsburq”dan səfərdə məğlubiyyət aldı, bu azmış kimi, həftə içi Almaniya kuboku ilə erkən vidalaşdı. Nuri Şahin dalana dirənmiş durumdadır – bu gün məğlub olsalar, rəqiblərə çatmaq çox çətin olacaq… Almaniya mətbuatına inansaq, Nuri Şahinə 4 oyunluq möhlət verilib, əks halda baş verməli olan baş verəcək…
Nuri Şahinin kadr ehtiyatı zəngin görünə bilər, lakin Kərim Adeyemi, Yulian Ryuerson, Niklas Züle, Yan Koutu kimi oyunçuların xidmətindən yararlana bilmir. Üstəlik, qapıçı Qreqor Kobel də bugünkü oyunu buraxacaq. Bu isə ciddi itkidir, çünki onu tam əvəzləyəcək kimsə yoxdur. Valdemar Antonun oynayacağı dəqiq deyil. Göründüyü kimi, əsas problem müdafiə xəttindədir.
Bir sevindirici məqam var ki, doğma tribunalar önündə “arılar” səhv etmir. Əbəs yerə Nuri Şahin mətbuat konfransında fanatlardan maksimal dəstək istəmədi. Həqiqətən bu mövsüm evdə “Dortmund” 5/5 ilə gedir… Üstəlik, “arılar”ın doğma meydandakı məhsuldarlığı da göz oxşayır – ev sahibləri orta hesabla 1 oyunda 4 qol vururlar…
“Leypsiq” daxili çempionata köklənmiş kimi görünür. Çünki ÇL-də Marko Rozenin kollektivində heç nə alınmır, lakin Bundesliqada onlar hələlik məğlubiyyətin nə olduğunu bilmir. “Sankt-Pauli” ilə 0:0 bitən oyunun ardından ardıcıl 4 qələbə qazanan “Leypsiq” kubokda da yoluna inamlı davam etdi.
Həmkarından fərqli olaraq, Marko Rozenin ciddi kard itkisi də yoxdur. Yalnız Kzaver Şlagerin yoxluğunu qeyd edə bilərik, lakin adıçəkilən yarımmüdafiəçi uzun müddətdir bərpa prosesindədir. Düzdür, Simmons və Raumun yoxluğu da ciddi itki hesab olunur, lakin “heyət dərinliyi” hesabına Roze komandanı adaptasiya edə bildi. Əsas məsələ Openda və Şeşkonun ideal formada olmasıdır…
“Dortmund” Bundesliqanın ən yaxşı müdafiəsinə qarşı mübarizə aparacaq. “Leypsiq” indiyədək cəmi 3 qol buraxıb – klub tarixində son 10 ilin ən yaxşı nəticəsidir. Avqustun sonundan etibarən ilk qolu ötən həftə “Frayburq”dan qol yeyən “öküzlər”in hər oyun qapısına ortalama 14 zərbə endirilir. Göründüyü kimi, bu nailiyyətdə qapıçının payı yüksəkdir.
Turun mərkəzi qarşıaşmasından hər kəs kimi, mən də qollarla zəngin bir festival gözləyirəm. “Dortmund” uğursuz dönəmdən keçsə də, ev sahibi amilini nəzərə almamaq olmaz. Ev sahibləri müxtəlif 3 turnirdəki son oyunlarını uduzub. Reaksiya verməyin zamanıdır…
“Dortmund”un müdafiəsindəki problemləri və “Leypsiq”in hücum potensialını nəzərə alsaq, hər iki tərəfin fərqlənməsini və azı 3 qol vurulmasını gözləmək haqqımızdır.
Bu, öz yerində… Mən “Dortmund”un mövcud durumunu nəzərə alıb, oyunun sürətli başlayacağını gözləyirəm. Qolların ilk hissədən gəlməsini gözləyərək risk alacam. İkinci hissədə də komandalar oyunu buraxmaz… “Dortmund” ev oyunlarına xas olan bir şeydir…
Hesab proqnozu: 2:2