“İpsviç” 2024-cü ili “Çelsi” üzərində şok qələbə (2:0) ilə başa vurdu, 2025-ci ilə isə səfərdə “Fulhem” ilə 2:2-lik trillerlə başladı. Əslində Kiran Makkennanın komandası qələbəyə yaxın idi, lakin “Fulhem” əlavə vaxtda penalti hesabına 1 xalı qopara bildi. “İpsviç” həmin görüşlərdə ideal futbol oynamadı, lakin “Tractor Boys” son nəfərə kimi meydanda can qoydu. “İpsviç”də hər kəs anlayır ki, çıxdığı hər oyun ölüm-dirim mübarizəsidir. Hətta kubok oyununda “Bristol Rovers” üzərindəki 3:0 hesablı qələbə özünəinamın qayıtması hesabına oldu.
Lakin “İpsviç” üçün qayğılı xəbərlər gəldi. “Çelsi” ilə oyunun ən yaxşılarından və vurulan qollardan birinin müəllifi Omari Hatçinson zədə ucbatından oyunu buraxıb və bu gün də oynamayacaq. Semüel Smodiç isə “Fulhem” ilə oyunda fərqləndi və zədələndi. Amma “İpsviç” qol vurmaqdan çəkinməməlidir, çünki hər vurulan qol çox önəmlidir… Kiren Makkenna rezervdən istifadə etməli olacaq… Böyük ehtimalla, bugünkü oyunda yarımmüdafiənin cinahlarında Brodhed və Klark oynayacaq, sivri hücumdakı Delapa isə Börns dəstək verəcək. Klubun öz bombardiri Delapa güvəni sonsuzdur…
20 tur ərzində “İpsviç” cəmi 2 oyunda qol buraxmayıb. Maraqlıdır ki, həmin görüşlərdən biri ilk dövrədəki “Brayton” (0:0) ilə səfərdə olub. Həmin görüşdə Makkennanın kollektivinin bəxti gətirdi, çünki “Brayton” inanılmaz momentlər qaçırdı. “İpsviç”in müdafiəsindəki boşluqları hər kəs görüb, burada uzun-uzadı danışmağa gərək yoxdur. Lakin diqqətimi cəlb edən məqam odur ki, “traktorçular” texniki futbolçulara qarşı xüsusi həssasdır. Fiziki futbola kodlanmış “İpsviç”in müdafiəçiləri texniki oyunçulara qarşı çox səliqəsiz oynayır və bunun nəticəsində 5 penalti ilə cəzalandırılıb. Üstəlik, birə-birdə sürətdə uduzurlar və rəqib olduqca kritik həcmdə boş zona əldə edir. Nəticəsini təsəvvür etmək çətin deyil…
“Brayton”a gəlincə… “Qağayılar”ın məşqçisi Fabian Hürtzeler sanki “Yuventus”u çalışdıran Tiaqo Motta ilə yarışa girib… 20 tur nəticəsində 10 dəfə heç-heçə oynamaq, el dili ilə desək, ağını çıxarmaqdır… Son 4 oyunda ardıcıl olaraq xalları bölən “Brayton” sonuncu qələbəsini noyabrın əvvəlində qazanıb. Əslində komandada böhran da yoxdur, lakin kadr itkiləri özünü biruzə verir.
Son məşqdə bir çox klubların diqqət mərkəzində olan Cek Hinşelvud komandaya qoşulub, “Norviç” ilə kubok oyununda isə zədədən qayıdan Denni Uelbek sonradan meydana daxil oldu. Buna baxmayaraq, Ferdi Kadıoğlu, Lüis Dank, İqor Julio, Mats Viffer, Ceyms Milner, Mett O`Rayli hələ də zədəlidir.
Böyük ehtimal, müdafiənin mərkəzində van Hekken ilə Uebster oynayacaq, dayaq yarımmüdafiəyə isə Baleba və Ayari cavabdeh olacaq. Yüngül zədə ucbatından “Norviç” ilə oyunu buraxan Joao Pedronun yerinə Danni Uelbekin oynaması gözlənilir.
“Qağayılar” müdafiədə qüsursuz deyil, bu səbəbdən 29 qol buraxıblar, lakin De Dzerbinin dönəmində olduğu kimi, hücumdakı klass və açıq, eyni zamanda effektiv oyun hesabına istədiyini əldə edə bilir. “Brayton” tək – tük klubdan biridir ki, ev və ya səfərdə oynaması onlar üçün böyük əhəmiyyət kəsb etmir. Hürtzelerə qarşı iradlar çox olsa da, “Brayton” ardıcıl 11 səfər oyununda qol vurur və bunu hər klub bacarmır.
Hər kəsi heç-heçələrə alışdıran iki klubun görüşündən bərabərlik iyi gəlsə də, hücumdakı effektivlik baxımından “Brayton”u bir baş üstün sayıram… Noyabr ayının əvvəlindən qələbə qazanmayan “qağayılar” bu seriyanı qırmağa məcburdur…
Hesab təxmini: 1:2