Bu gün Bakı vaxtı ilə 23:00-da “Etihad Stadium”da yerli “Mançester Siti” məğlubedilməz “Vulverhempton”u sınağa çəkəcək. Həmin oyunla bağlı analizimi oxucularımızla bölüşürəm.
Avropanın ən mötəbər klub turniri olan Çempionlar Liqasına düşməyi qarantiləmək istəyi Pep Qvardiolanın kollektivini sanki yuxudan oyatdı. Bu istəyi biz ötən turda “Aston Villa” ilə görüşdə gördük. Həmin görüşlə bağlı analizimdə də yazmışdım ki, Haalandsız “Mançester Siti” daha yaxşı təəssürat bəxş edir. Üstəlik, Jeremi Dokunun öz kimliyinə qayıtması həlledici rol oynaya bilər. Elə də oldu – Dokunun keçmiş vaxtlardakı kimi sürətli keçidindən sonra açdığı orta qolla nəticələndi. Ümid edirəm, Pep bundan yenə dərs çıxardı və Doku kimi sprinterə geri pas oynamağı tapşırmaz. “Man. Siti” həmin oyunda bir daha göstərdi ki, istənilən rəqibdən 3 xalı qoparmağa hazırdır. Və ən əsası, bu, fərdi yetənəklər hesabına da baş verə bilər, cəsarətli oyun hesabına da…
Bununla yanaşı, “şəhərlilər” İngiltərə Kubokunun finalına da vəsiqə qazandı – yarımfinalda üzülən tərəf “Nottingem Forest” (0:2) idi. Son zamanlar “Man. Siti” oyunlarını izləyərkən gördüyüm budur ki, Pep böhrandan çıxış yolunu tapa bildi. Ən əsası, ispan mütəxəssis müdafiədəki problemləri də həll etmiş kimi görünür. Paralel komanda topla oyunun keyfiyyətini müsbətə doğru dəyişdi. Bizim əvvəllər görməyə alışdığımız və sevdiyimiz “Man. Siti” də budur!
Mətbuat yazır ki, Rodri və Haaland artıq klubla birgə məşqlərə qayıdıb. Ehtimal olunur ki, onların hər ikisi bugünkü start heyətdə də çıxa bilər. Pep belə bir riskə gedərmi? Əslində ehtiyac yoxdur, hazırda komandada uyum yüksək səviyyədədir.
“Vulverhempton” isə rəsmən “uçur”. Komanda ardıcıl 6 oyundur qələbə qazanır. “Canavarlar”ın oyunu göz oxşayır, məhsuldarlıq baxımından da, çətin ki, kimsə şikayət etsin.
Vacib nüans: Vitor Pereyranın kollektivi son 6 qələbəsini turnir cədvəlinin aşağısında yerləşən klublar üzərində əldə edib. Həmin rəqiblər klass və oyun keyfiyyət baxımından çox qeyri-stabildir. “Man. Siti” isə, razılaşın ki, bambaşqa bir səviyyədir.
Komandalar arasındakı şəxsi görüşlərin az qala hamısı qollu “Man. Siti” qələbələri ilə başa çatıb. Lakin biz statistika haqqında əfsanəvi Ser Aleks Fergüssonun dediklərini dəstəkləyənlərdənik.
“Man. Siti”nin hədəfi bəllidir. “Vulverhempton”un ciddi kadr itkiləri yoxdur. Nəzərə almaq lazımdır ki, “canavarlar”ın heç bir iddiası yoxdur. Bu isə Pereyranın kollektivinə rahat futbol oynamağa şərait yaradır. Bununla yanaşı, “Vulverhempton” əks-hücumlarda çox təhlükəlidir. Məncə fanatlar qol baxımından korluq çəkməz, nəticədə sevinən tərəf “şəhərlilər” olacaq.
İzah etidklərimdən dolayı, mərcsevərlər riksiz seçimlərə yönələ bilər. Mən isə “Mans. Siti”dən qol buraxaraq qələbə qazanacağını gözləyəcəm.