İlk turda Serbiya millisi son Avropa çempionu İspaniyaya qarşı dözüm nümayiş etdirdi və olduqca vacib xalı qopara bildi. Lakin 2- turda Draqan Stoykoviçin yetirmələri Danimarka millisinə 0:2 hesabı ilə məğlub oldu. Söz-söhbət gəzir ki, bəzi oyunçular Stoykoviçdən narazıdır, lakin federasiya rəhbərliyi baş məqşçiyə güvənir.
Oktyabr ayındakı oyunlarda Stoykoviç millinin əsas oyunçularından olan Sergey Milinkoviç-Saviçin xidmətlərindən faydalanmadı. Halbuki, Sergey “Əl-Hilal”da əla oyun nümayiş etdirir. Bu isə söz-söhbətin böyüməsinə səbəb oldu. Deyilənə görə, Milinkoviç-Saviç yeni baş məqşçi gələnədək millinin düşərgəsinə ayaq basmayacağını bildirib. Buna baxmayaraq, hücum xəttinin lideri Aleksandar Mitroviç və qapıçı Vanya Milinkoviç-Saviç milliyə qoşulub. Onlarla yanaşı, Stoykoviç bir neçə gənc istedadı milliyə çağırıb. Onların arasında “Srvena Zvezda”nın 17 yaşlı oyunçusu Andriy Maksimoviç də var.
Yeri gəlmişkən, son mətbuat konfransında Stoykoviç deyib ki, müdafiə xətti öz işini görür – çünki komanda, demək olar ki, qol buraxmır.
İsveçrə millisinin ilk 2 oyunu olduqca uğursuz nəticə verdi. Murat Yakının yetirmələri əvvəlcə Danimarkaya uduzdu, ardınca isə İspaniya ilə oyunda fiaskoya uğradılar. Düzdür, İsveçrə millisinin oyununu pis adlandırmaq olmaz – komandada sanki soyuqqanlılıq çatışmır. Bəlkə də “Nati” Millətlər Liqasına dırnaqarası baxır, lakin onların B divizionuna yuvarlanması komandanın prestijinə zərbə olar.
Qranit Cakanın diskvalifikasiyasının başa çatması komandanın gücünə güc qata bilər. Niko Elvedi də heyətə qatyıdır. Bu isə o deməkdir ki, ənənəvi Elvedi-Akanji-Rodriges triosu start heyətdə ola bilər, bu isə müdafiənin etibarlılığından xəbər verir.
Murat Yakının komandasına rəqib qapı önündə soyuqqanlı oyunçular lazımdır. Bu, Avropa çempionatında da belə idi, Millətlər Liqasının ilk 2 turunda da elə idi. İspaniya ilə oyunda az qala 60 dəqiqə çoxluqda oynayan “Nati” 20 zərbədən 1-ni qola çevirə bildi. Nə Embolo, nə Amduni stabillik nümayiş etdirə bilmir. Bu gün start heyətdə Dan Ndoyu görsək, təəccüblənməməliyik.
Komandaların daha əvvəlki şəxsi görüşləri olduqca emosional və gərgin alınıb. İsveçrə millisinin bəzi üzvlərinin alban kökənli olması oyunda intriqanı artırır. Təbii ki, tribunaların da, yumşaq desək, onları görən gözü yoxdur. Qranit Caka, sözsüz, 90 dəqiqə təzyiq altında olacaq.
Serbiya son 5 oyunda cəmi 1 qol vurub. Stoykoviçin oyun üslubu buna şərait yaradır. Eyni zamanda İsveçrə də qeyri-stabildir. Çətin və emosional bir oyun gözləyirəm… Tribunaların da “oyuna daxil olması”, vəziyyəti gərginləşdirəcək…
Görüşün hakimi Simone Sozzanın oyun başına kart ortalaması – 4.77
Seçimim – oyunda qırmızı kart olacaq…
Hesab təxmini: 1:1