Bu gün Bakı vaxtı ilə 23:00-da Avropa Liqasının 1/2 final mərhələsinin ilk oyunu çərçivəsində “Tottenhem” doğma meydanda “Bodo Qlimt”i qəbul edir. Oyunla bağlı analizimi oxucularımıza təqdim edirəm.
1/4 final mərhələsində “Tottenhem” Bundesliqanın 3-cüsü olan “Ayntraxt”a STOP qoydu. İtkilərə baxmayaraq, Frankfurt təmsilçisi çox gözəl, hətta londonlulardan daha təhlükəli təsir bağışladı. Lakin Ange Postekoğlunun yetirmələri daha təmkinli oynadı və lazım olan nəticəni əldə etdi. Oyuna baxarkən düşündüm ki, “mahmızlar” sezon boyu bu cür oynasaydı, Premyer Liqada azı ilk altılıqda olardı. Reallıq isə budur ki, onlar daxili çempionatda 16-cı yerdə qərarlaşıb. Həqiqətən rəzil bir mövsüm alındı və buna heç cür bəraət qazandırmaq olmaz. Amma Avropa Liqası titulunu başının üstünə qaldırsalar, çətin ki, Premyer Liqadakı rəzil mövsüm kiminsə yadına düşə.
Həftə sonu “Tottenhem”li oyunçular Mersisaydda “Liverpul”un 20-ci Premyer Liqa çempionluğuna öz gözləri ilə şahidlik etdi. Buraxılan bir çuval topa görə də kimsə onları tənqid etmədi. “Enfild”dəki çempionluq oyununda xeyli enerji və əsəb sərf etməyin heç mənası da yox idi. Aydın məsələdir ki, Postekoğlundan tutmuş klubun xadiməsinədək hamının fikri-zikri Avropa Liqasının yarımfinalına ciddi hazırlıqda idi.
“Mahmızlar”ın kadr ehtiyatı günü-gündən genişlənir. Komandanın hücum xətti də özünə gəlib və formasını bərpa edir. Başqa sözlə, “B. Qlimt”in qapıçısı Haikin darıxmayacaq. Yeri gəlmişkən, belə rəzil mövsümdə belə, “Tottenhem” Premyer Liqanın 5-ci ən məhsuldar klubudur. Buna baxmayaraq, komandanın müdafiə xətti hücumçuların əziyyətini yerə vurmağa davam edir. Müdafiənin səhvləri komandaya 34 görüşdə 56 topa başa gəlib.
Rəqiblər yaxşı tapışıb desəm, yanılmaram. “B. Qlimt”in də əsas silahı, eyni zamanda zəif yeri açıq, hətta zaman-zaman aqressiv hücum futboludur. “Latsio” ilə oyunlarda Hyetil Knutsenin yetirmələrinin yığdığı xG gözləntisi ilə vurduğu qolları sadəcə müqayisə edin. Məncə hər kəs razılaşar ki, “Latsio”nun müdafiə xətti “Tottenhem”in müdafiə xəttindən qat-qat güclüdür.
Açıq futbola və arxa zonanı unudan iki komandadan qollu oyun gözləyirəm. Məncə “Tottenhem”in evində böyük risk aldığı bir neçə məqamda ciddi boşluq verəcək və “B. Qlimt” kəsərli hücumları ilə qolu tapacaq. Oyunun 2.5 ÜST əmsalı aşağı olduğundan qarşılıqlı qol seçiminə gedəcəm. Nəzərə alsaq ki, “B. Qlimt” səfər oyunlarında daha təhlükəlidir. “Tottenhem”in necə risk aldığını hər bir futbolsevər yaxşı bilir. Stoperlərin təxminən 40-45 metr hündürlükdə yaxalanması artıq bu klub üçün normallaşıb.
Fikrimcə londonlular 1:1-ə razılaşmaz və bizə qol yağışı izlətdirər.